14383356_1797968173812303_224585132_nTəfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyevin MTN generalı Akif Çovdarovun məhkəməsində iştirak edəcəyi gözlənilir. Buna səbəb 2011-ci ildə öldürülən Tariyel Əhmədovun qətli üzərindən sirr pərdəsi çəkilir; qaçaq rektorun sensasion iddialar səsləndirdi.
Eldar Mahmudovun tutduğu vəzifədən çıxarılması onun çetesinə bağlı olan bir sıra cinayətlərin açılması ehtimalını artırıb.

İllərlə bağlı qalan müəmmalı cinayətlərin üstünün açılmasına ümid yaradıb. Belə cinayətlərdən biri də 2011-ci il sentyabrın 16-da Yasamal rayonunda baş verib. Həmin gün Yasamal rayonu, Şərifzadə küçəsi 8 ünvanındakı stadionda Təfəkkür Universitetinin prorektoru olan Tariyel Əhmədovun meyiti aşkar olunmuşdu.

Prorektorun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal rayon şöbəsində müayinə olunarkən məlum olmuşdu ki, T.Əhmədovun kəllə sümüyündə sınıqlar var. Yasamalın baş məhkəmə tibb eksperti Namiq Məmmədovun sözlərindən belə aydın olmuşdu ki, prorektorun kəllə sümüyündəki sınıqlar küt alətin təsirindən əmələ gəlib.

Həmin dövrdə professorun qətlinin onun çalışdığı universitetlə əlaqəli ola biləcəyi haqda xəbərlər vardı. Bildirilirdi ki, T.Əhmədov universitetin 3 həmtəsisçisindən biridir. Onun ölümü avtomatik olaraq universitetdəki payının digər iki həmtəsisçiyə keçməsi demək idi. Hələ o dövrdə T.Əhmədovun ölümündə MTN izinin olması ilə bağlı məlumatlar vardı. Bildirilirdi ki, digər iki həmtəsisçidən birinin MTN-də çox güclü dayağı var. Həmin dayaqla həmtəsisçini qohumluq əlaqələri birləşdirir.

Lakin bunu o dövrdə kimsə ucadan deməyə çəkinirdi. Bu haqda daha çox pıçıltı ilə danışmağa üstünlük verirdilər. Qatilin iz buraxmadan prorektorun həyatına son qoyması da bu versiyanın doğruluğuna inamı artırırdı. Hadisə yerindən cinayətdə istifadə olunan alət də tapılmamışdı. Qatilin ərazinin dörd bir tərəfindəki küçələrdə quraşdırılmış «Təhlükəsiz Şəhər» kameralarının əhatə dairəsindən yayına bilməsi də qətlə əvvəlcədən hazırlıq görülməsinə dəlalət edirdi.

Digər tərəfdən prorektor T.Əhmədovun neçə illər ərzində hər səhər saat 5-də həmin stadiona gedib orada məşq etməsini çox az adam bilirmiş. Bu şəxslər sırasında yaxınları ilə yanaşı universitetdəki ətrafı da olub.

Sağlam həyat tərzi yaşayan 69 yaşlı professorun qohumları onun hansısa xəstəlikdən ölməsinə şübhə etdiklərini də açıqlamışdılar. Mərhumun qohumu Eldar Cəbrayılov demişdi ki, prorektor çox ehtiyatlı adam olub:

«O, ehtiyatlı adam idi. Həmişə pilləkən düşəndə qolumdan tuturdu ki, yavaş ol, yıxılarsan. Bu hadisəni eşidəndə çox təəccübləndim». O, əlavə etmişdi ki, prorektorun hər hansısa xəstəlikdən şikayəti olmayıb: «Qan təzyiqi hamıda olur. Amma ondan da şikayəti yox idi».

Maraqlı məqamlardan biri də hadisə yerində prorektorun meyitini müayinə edən zaman üzə çıxmışdı. İstintaqçılar qatilin onun şəxsi əşyalarını götürmədiyini müəyyən etmişdilər. Bu məqam qətli prorektorun şəxsi əşyalarını ələ keçirmək istəyən təsadüfi şəxsin törətməsi versiyasını da aradan qaldırmış olurdu. Deməli, istintaqçılar qətlin motivini digər bir yerdə axtarmalı idilər.

«Harada axtarmalı» sualı 4 ildir ki, ortadadır və yəqin ki, bu suala istintaqçılar cavab axtarıblar. Fakt odur ki, bu gün nəticə yoxdur…

Qətldən sonra Təfəkkür Universitetinin digər prorektoru Rəhim Hüseynov «Yeni Müsavat» əməkdaşına demişdi ki, təmsil etdiyi ali məktəbin bu qətllə bağlı xüsusi versiyası yoxdur:

«Yaşlı adam idi, kimsə ilə də düşmənçiliyi yox idi».

Müəmmalı qətldən 4 il ötüb. Artıq Yasamal rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı da dayandırılıb. Prorektorun qətlinə dair Cinayət Məcəlləsinin 120-ci – qəsdən adam öldürmə maddəsi ilə başlanmış cinayət işi üzrə dindirilənlərdən biri də Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyev olub.

Mərhumun oğlu Zaur Əhmədov isə atasının öldürülməsi ilə bağlı konkret fikir söyləməmişdi: «Hər gün orada idman edirdi. Bizim kiminləsə düşmənçiliyimiz və ya hansısa bir konfliktimiz olmayıb. Polis və prokurorluq işləyir, yəqin məsələni aydınlaşdırarlar».

Z.Əhmədov demişdi ki, atası ilə anası Şərifzadə küçəsi, 2a ünvanında yaşasa da, ailənin digər üzvləri başqa yerlərdə yaşayıb. Onun sözlərinə görə, atası və anası yayda Bilgəhdəki bağ evində yaşayıb. Hadisədən bir gün əvvəl atası bağ evindən Yasamaldakı evinə gəlib. Anası isə bağda qalıb.

«Yeni Müsavat» əməkdaşı həmin dövrdə mərhumun yas mərasimində olarkən mülki geyimli şəxslərin prorektorun sürücüsünü sorğu-sual etmələrinin şahidi olmuşdu. Mülki geyimlilər sürücüdən T.Əhmədovun son vaxtlar bu ünvanda kiminləsə görüşüb-görüşməməsi, ümumiyyətlə, görüşlərinin harada baş tutması ilə maraqlanırdılar. Bu sorğu-sualdan belə anlaşılırdı ki, hüquq-mühafizə orqanları mərhumun evində hadisədən əvvəl kənar şəxs və ya şəxslərin olması versiyasını da yoxlayırlar. Mərhumun oğlu isə qəzetimizə açıqlamasında qətldən sonra atasının yaşadığı evdən heç nə itmədiyini demişdi.

Təfəkkür Universitetinin sabiq müəllimi, 2011-ci ildə həbs olunmuş və sonradan azadlığa buraxılan, hazırda Almaniyada mühacir həyatı yaşayan Riyad Əliyev zaman-zaman prorektorun müəmmalı qətlini gündəmə gətirib. Sonuncu belə açıqlamanı qaçaq müəllim cumhuriyyet.az-a verib.

R.Əliyev iddia edir ki, universitetin həmtəsisçisi, prorektor Tariyel Əhmədov rektor Müşfiq Atakişiyevin və digər həmtəsisçi Rahim Hüseynovun birgə qurduqları plana qurban gedib: «Universitetdə həmtəsisçi olan mərhum professor «Təfəkkür»də baş verən qanunsuz hallara qarşı çıxdığı üçün Müşfiq Atakişiyevlə və Rahim Hüseynovla aralarında ciddi narazılıq, fikir ayrılığı olub. Universitetin əsasnaməsinə görə, 2013-cü ildə rektorluq növbəsi həmtəsisçi Tariyel Əhmədova çatmalıydı. Belə olduğu halda isə təbii olaraq Müşfiq Atakişiyev və Rahim Hüseynov «ofsayt» vəziyyətinə düşəcəkdilər. Hələ rektor olmamışdan öncə aralarında belə ciddi insident yaşanmışdısa, deməli Tariyel Əhmədovun rektor olacağı halda Atakişiyevin nələrlə üzləşəcəyini düşünmək çox asandır. Bunu Müşfiq Atakişiyev və Rahim Hüseynov da çox gözəl bilirdi və Tariyel Əhmədovu hansı vasitə ilə olursa-olsun zərərsizləşdirmək lazım gəlirdi, bunu da tapdılar».

Riyad Əliyevin digər iddiası isə sabiq baş prokuror, mərhum Murad Babayevlə bağlıdır. Qaçaq müəllim iddia edir ki, vaxtilə açılmamış ölüm üzrə baş müstəntiq, sonradan baş prokuror vəzifəsinə qədər yüksəlmiş Murad Babayev Müşfiq Atakişiyevə qanunsuzluqlarını ört-basdır etməyə yardım edib. Murad Babayev dünyasını dəyişənədək Təfəkkür Universitetinin Hüquq fakültəsində kafedra müdiri vəzifəsində çalışıb, M.Atakişiyevə cinayətlərini ört-basdır etməkdə yardım edib: «Təfəkkür Universitetindən uzaqlaşmaq onun arzusuydu, amma alınmırdı. Murad Babayevin asılacağı vardı.

Oğlu, birinci prorektorun, Rahim Hüseynovun oğlu ilə narkoman idilər. İldə bir dəfə onları qanlarını təmizləməyə Almaniyaya yollayırdılar. Bu bahalı prosedurdur. Bu prosedurların pulunu Rahim Hüseynov ödəyirdi. Ona görə də, Murad Babayev məcbur olurdu M.Atakişiyevin cinayətləri üzə çıxanda gedib minnətçi olsun və köhnə əməkdaşlardan, prokurorluqdan xahiş etsin».