14433230_1799922960283491_4652328909473148700_nUzun illərdir ki, xalqımızın böyük əksəriyyəti yoxsulluq və səfalət içində yaşayır,müqəddəs Vətən torpaqlarımız isə erməni quldurlarının tapdağı altındadır. Bunun yeganə səbəbkarı Azərbaycan hakimiyyətini qeyri-qanuni yolla mənimsəmiş və saxtakarlıq yolu ilə davam etdirən bir dəstə açgöz şəxsdir. Onların xalqı saymaması,xalqın taleyinə biganə münasibəti,nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq istəyi bu günkü durumumuzun səbəbidir. Azərbaycan iqtidarının hakimiyyəti əldə saxlamaq istəməsi onunla nəticələnib ki,mövcud rejim güclü dövlətlərin arasında manevrlər edib baş girləmək yolunu tutub. BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunan məlum qərarlarının həyata keçirilməsini tələb etmək əvəzinə sonu görünməyən danışıqlar prosesinə qoşulub,torpaqlarımızın işğal altında qalması ilə barışıb! Mövcud diktator hakimiyyətin istəyi ilə dünya ictimaiyyətinin gözündən pərdə asmaqdan ötrü üzümüzə gəlməkdə olan 26 sentyabrda göstəri xatirinə formal referendum keçiriləcək və hakim ailə Anayasamızı,həmişə etdiyi kimi,saxtakarlıqla dəyişdirəcək. Bu isə uzun illərdən bəri mövcud olan monarxiya quruluşunun qanuniləşməsinə və möhkəmlənməsinə xidmət edəcək, ölkəmizdə demokratik proseslərin qarşısının alınmasına,dövlətin idarə edilməsinin bir ailənin əlində toparlanmasına vasitəçi olacaq. Xalqın etimadından sui-istifadə edən bir ovuc acgöz,nankor iqtidar sahibləri ölkəmizin milli sərvətlərini talamaqdan doymur! Azərbaycan neftinin,demək olar ki,bütün gəlirlərini hakim ailə mənimsəyir,ölkə əhalisini isə tamamilə unudub. Hakim ailənin vəzifəyə təyin etdiyi nazirlər, hakimlər,deputatlar və digər məmurlar öz ağalarından geri qalmırlar: yaltaqlıqlarının müqabilində hədsiz imkanlarla mükafatlandırılıblar. Bu səbəbdən də ölkə əhalisinin həyatı,yaşamı gündən-günə pisləşməkdədir. Milli valyutamız dəyərdən düşüb. Kənd təsərrüfatımız isə tamamilə çöküb. Biz nə istəyirik? Biz dövlətimizin iqtisadi,sosial,hərbi,bir sözlə,hər cəhətdən möhkəmlənməsini, güclənməsi,torpaqlarımızın qeyd-şərtsiz qaytarılmasını,ölkəmizdə demokratik bir siyasi quruluş olmasını istəyirik. Ölkəmizin milli sərvətləri də bu ölkədə yaşayan hər kəsə məxsus olmalıdır. Bizim də insan kimi bir yaşamaq haqqımız var! Bəs buna necə nail ola bilərik? Birlik olub,əl-ələ verib indiki hakimiyyətdə olanların özbaşınalığına,saxtakarlıqla qanun donu geyindirdikləri qanunsuzluqlara son verməklə! Xalqın istək və arzularının,tələblərinin həqiqi ifadəçisi olub,onun mübarizəsinin önündə getməklə,hakimiyyətin cinayətkar mahiyyətini dəyişməklə! Xalqı, onun istək və arzularının,tələb və sifarişlərinin həqiqi ifadəçisi və dəstəkçisi olduğuna inandıra bilən siyasi qüvvə də xalqın haqlı mübarizəsinin öndəri,rəhbəri olacaq! Bunun üçünsə həmin siyasi qüvvə səmimi olmalı,hər addımı,hər əməli xalqın gözünün qabağında olmalıdır! Bütün dikatorlar xalqdan qorxur! Niyə? ona görə ki bütün hakimiyyətin mənbəyi xalqdır! Qəzəblənmiş və yönlənlənmiş,öz haqqını tələb edən xalq, dünənə qədər əlləri üstündə tutduğu dövlət başçısını,hətda dünyanın bütün sərvətlərinin sahibi olsa da belə,-güllələyir,edam edir,dar ağacından asır! Yan-yörəsinə topladığı yaltaqlar və muzdlular ordusuna,əlinə keçirdiyi sərvətlərə güvənərək,özünü əlçatmaz,dünyanın ağası bilənlərin sonu çox acı olur! Diktatorların uzun müddət hakimiyyətdə qalmasının bir neçə səbəbi var. Əllərində xaqdan oğurlayıb topladıqları sərvət,ölkə əhalisində yaratdıqları qorxu xofu,cəmiyyətin içərisinə yerləşdirdikləri yaltaq və mənəviyyatsız vəzifə sahibləri,daha güclü dövlətlərin dəstəyi,ən başlıcası isə müxalif qüvvələrin pərakəndəliyi. Bu sadaladıqlarım diktatorların mövcudluğunun qida mənbələridir! Imkan əlimizə düşmüşkən bir sıra qaranlıqları özümüzə aydınlaşdıraq. Sizcə,niyə iqtidar ən sonunda monarxiyanı qanuniləşdirmək kimi bir cinayəti işləməkdən çəkinmir? Söz yox ki,hər kəsin bir yozumu olacaq…Mən də sizinlə öz fikirlərimi paylaşım. Milli Şuranı Rusiyanın xidmətçisi adlandıran Siyavuş Novruzovu Rusiyaya xidmətinə görə ödülləndirdilər. Bu bir paradoksdurmu? gülməlidirmi? məncə ağlamalıdır!.. Mövcud iqtidar özünü “həqiqi müxalifət” sayanlardan o qədər arxayındır ki,bu müxalifət mövqeyini sərgiləyənlərin hansı məqsədlə birləşməsindən asılı olmayaraq yaratdıqları qurumları çox asanlıqla parçalayacağını istisna etmir. Zaman-zaman bunun isbatlarını görmüşük deyə, təfərrüatlara (yəni bunları izah etmək əziyyətinə) varmayacağam! Məni ilgiləndirən şeydən danışacağam! Referendumun nəticəsi bəllidir! Fəlakət olmazsa,bunu hər birimiz görəcəyik! Bəs ondan sonra biz nə etməliyik? Bu iqtidarın cinayətkar mahiyyətini anlayan müxalif qüvvələr bir qurum yaratmalı və bir Niyyət protokolu imzalamalıdır! Nə də olmasa,Azərbaycanda demokratik seçki sisteminə nail olana kimi, o yaradılan qurumu tərk etməmək öhdəliyi götürməli,qurumda təmsil olunan partiyalar isə öz fəaliyyətlərini dayandırmalıdır! Bu mənim düşüncəm,mənim fikrimdir. Sizlər də bu haqda öz fikirlərinizi əsaslandırsanız,hər halda,demokratiya uğrunda mübarizəmizin bir nəticəsi olacaq. Vətən namusdur! Biz namusumuzu itirdik. İtirməyə daha heç nəyimiz qalmayıb! İtirdiklərimizi geri qaytarmaq uğrunda birlik olaq! Gələcək nəsillərə veriləcək bir hesabımız var. Tarixi yaşayanlar deyil,tarixi yazanlar olaq! “Dövlətimiz inkişaf edir” deyə-deyə ölkəmizi ibtidai icma quruluşuna,quldarlıq dövrünə gətirib çıxardılar. Dövlətini,Millətini,Vətənini sevən hər bir vətəndaş bu diktator rejimə yox deməlidir! Yolumuz- uzun,yükümüz-ağır,hədəfimiz isə insanların insanlığa ucalacağı bir zirvə! O zirvədə də Turanın,Türk birliyinin təcəssümü olan Türküstanın cənnət qapısı olan bütövləşmiş Azərbaycan dayanır! Gücümüz birliyimiz,birliyimiz qələbəmiz olsun!