14448912_1803760646566389_7993302985351604764_nGünəşli evdən şəfa, qonaqlı evdən səfa əskik olmaz. Məhz ona görə də qonağa „xoş gəlib səfa gətirdin“ – deyərik. Qonaq-qaralı evdə sevinc qaynar. Qonağı sevməyən sevilməz! Qonaq istəməyən insandan heç kimə xeyir gəlməz. Qonaqsız ev susuz dəyirmana, ətirsiz gülə, pəncərəsiz otağa bənzər. Xalqımız üçün qonaq həmişə əziz olmuş. Qonaq üçün bəzən radikal ənənələrindən belə istisnalara yol vermiş. Dillər əzbər olmuş „israf haramdır“ anlayışını, „qonaq üçün təamları bol-bol hazırlamaq israf deyildir“ demiş. Dədə-babadan görmüşük ki, müsafir yeyib doymadan ev sahibi süfrədən çəkilməzdi. Qonaq bütün ev əhli ilə bərabər qapıda qarşılanar. Qadınlar qadınlarla öpüşərdilər, kişilər kişilərlə əl tutuşatdılar. Hər kəs sevinərdi, hər kəsin üzündən nur yağardı. Hətta evdəki kiçik uşaqlar belə hamıdan çox sevinərdilər. Çünki bizlərdə yazılmamış qanun vardı, „uşaqlı evə əliboş gedilməz“. Evdəki ən balaca uşaqların iki qat sevincinin də səbəbi bu idi. Bir ata sözündə deyilir ki, qonaq öz qisməti-ruzisi ilə gələr. Bu ruzi-qismət ondur, birini yeyər, doqquzunu buraxar. Bizim xalq üçün ən çətin işlərdən biri tox qonağı ağırlamaqdır. Çünki ev sahibi qonaqdan süfrəyə düzülmüş min bir nemətdən dadmasını istər. Qonağı hamılıqla qapıya kimi yola salmaq adətdəndir.

Firudin Dugi
 
Введите сообщение…