14671281_1812553662353754_6676194998840223492_n.jpgVaxt gəldi. Ana vətən bizi çağırır. Siyasətə qarışmırdıq, siyasətə qarışmağa qoymurduq, siyasətə qarışanlara hücum çəkirdik, o zaman, buyurun, siyasətə qətiyyən dəxli olmayan gözəl bir iş var: pambıq yığmağa gedək. İrəli çıxın, qabağa durun.

Ağzını açanın ağzına pambıq dürtürdünüz ki, sus, məsələni siyasiləşdirmə. İndi əsl məqamdır, pambıq yığmaq vaxtıdır. Şanlı ölkəmizin müxtəlif bölgələrindən xəbərlər gəlir ki, köməyə ehtiyac var, müəllimlər, həkimlər, büdcə təşkilatının işçiləri pambıq yığmağa cəlb olunublar.Bilirəm ki, tarixi mənzərə olduğu üçün bizim camaat köhnə günləri xatırlamağa başlayıb. Axı Azərbaycanın vaxtları olub – xalq pambıqla oyanıb-qalxıb, pambığa mahnılar qoşulub, filmlər çəkilib, orden və medallar verilib.

Yenə də vaxtı gəldi. Pambıq qayıtdı. Analoqu olmayan inkişafla vidalaşın, öpüşün, görüşün. Bir dövr idi, gəldi, keçdi. Sanki bir külək idi, əsdi, ötdü. Sanki bir film idi, baxdınız bitdi. İndi tarla dövrü gəldi, əziz pambıqçı xalqımız!

Şahvələd Çobanoğlu