14732154_1819731948302592_7918390037416937927_nEvdə uşaqları acından bir-birinin qulaqlarını yeyib bitirdilər. Sıra mənim qulaqlarıma çatanda tezdən yuxudan qalxıb evdən qaçdım. Daha neyleyim? Can şirin şeydir. Qışın günündə soyuq küçələrdə titrəyə-titrəyə alıcısız, müştərisiz olduğundan anası ölmüş yetim uşaqlara bənzəyən mağazaların qarşısından keçirdim.Dükanlarda hər şey: bütün nemətlər var, hətta dolub daşır. Bircə bu andıra qalmış pul yoxdur. Əslinə baxsan mənə çox bir şey də lazım deyildir. Bu günü idarə etməyə yavan cörək yetərlidir. Axşama kimi evə aparacağım bir tikə yavan çörək üçün baş vurmadığım, iş istəmədiyim yer qalmadı. Nisyə çörək istədim onu da vermədilər. Pulsuz olmaz! – dedilər. Satdıq heç nə də qalmamışdı. Bir vitrinin qarşısında çarəsizcə dayanıb özümə baxırdım. Tük basmış üzüm düymələri qırılmış nimdaş köynəyim, cibi sökülmüş, rəngi bozarmış kostumumla bir uyğunluq içində idi. Amma üc il öncə dayımım ad günümdə hədiyyə aldığı şalvarım bu halıma heç uymurdu. Birdən ağlıma bir fikir gəldi. Mağazaya girdim, satıcı ilə düz yarım saat çənə-boğaz oldum, sonda nisyə də olsa razılaşdım, satılsa gəlib pulunu alacağam. Şalvarımı dükana nisyə buraxıb, alt tumanda, pencəyimin yaxalığını yuxarı qaldırıb evə dönürdüm. Içimdə kiçik də olsa bir ümüd işarmışdı. Bəlkə…
Evə girəndə acından süzülmüş uşaqların gözü əlimdə idi. – Ata, çörək gətirdin?
Televizorda bir millət vəkili çıxış edirdi, „qazın qiymətini qaldırmaq lazımdır“ – deyirdi.
Başladım gülməyə! Mənim gülüşümdən uşaqların üzünə bir ümüd işığı doğdu.
Televizorda xəbərlər davam edirdi: Renad Əliyevi böyük partiya narkotiklə tutmuşlar!
Uşaqlar hey soruşurdular:
— Ata, çörək olacaq?
— Çörək olmasa da olar, acından ölsək də olar. Buna da min şükür! Şükr edək ki, bizim də cibimizə Renadınkı kimi narkotik qoyub içəri basmamışlar.

Yegana Rzayeva