İlham Əliyev
İlham Əliyev 

Azərbaycan prezidentinin adı »mətbuat düşmənləri»nin yeni siyahısında

»Hazırda Azərbaycanda 8 jurnalist və bloqqer həbsdədir, onlarla KİV nümayəndəsi isə təqiblərdən xaricdə gizlənmək məcburiyyətindədirlər»

“Sərhədsiz reportyorlar” hüquq-müdafiə təşkilatı noyabrın 2-də 2016-cı il üçün mətbuat düşmənlərinin yeni siyahısını dərc edib.

«Turan»-ın məlumatına görə, bu siyahıda 35 dövlət və hökumət başçısı, “İslam dövləti”, Yəmən husiləri, Banqladeşdə “Əl-Qaidə”yə yaxın islamçı qruplaşma, əfqan talibləri və Meksikanın “Los Setas” narkokarteli kimi siyasi və cinayətkar qruplaşmalar var.

Dövlət başçıları arasında Eritreya, Sudan, Burundi, Qambiya, Suriya və Kuba, Çin və Şimali Koreya, Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Türkmənistan prezidentləri var.

Siyahının yeni üzvləri arasında Türkiyə, Misir, Burunda və Venesuela prezidentləri var.

Hesabata görə, ötən il ən çox Türkiyədə vəziyyət pisləşib, burada kütləvi repressiyalar dalğası davam edir və ən az 130 jurnalist həbsdədir, 140-dan çox KİV bağlanıb. Hakimiyyət, demək olar ki, ölkənin bütün mətbuat məkanına nəzarət edir.

Azərbaycanla bağlı hesabatda bildirilir ki, polis və təhlükəsizlik orqanları hökumət tənqidçilərinin təqibi üçün bütün vasitələrdən istifadə etməyə davam edir. Bunun üçün şantajdan, o cümlədən jurnalistlərin mənzillərində şəxsi həyatlarının videoçəkilişindən, vergi ödənişindən yayınma, narkomanlıq və xuliqanlıq ittihamlarından istifadə olunur.
Eyni zamanda, hakimiyyət müstəqil KİV-i, məsələn, “Zerkalo” və “Azadlıq” qəzetlərini iqtisadi cəhətdən boğur, Azadlıq Radiosunun Azərbaycan xidməti isə zorla bağlanıb.

«Ötən ildən hakimiyyət xaricdə sığınacaq almış jurnalistlərin qohumlarının təqibi ilə bağlı yeni metodlar tətbiq edir.
Hazırda Azərbaycanda 8 jurnalist və bloqqer həbsdədir, onlarla KİV nümayəndəsi isə təqiblərdən xaricdə gizlənmək məcburiyyətindədirlər.

2015-ci il ilə müqayisədə Azərbaycan dünyada mətbuat azadlığı reytinqində 162-ci yerdən 163-cü yerə düşüb» — hesabatda qeyd olunur.

Ümumilikdə siyahıda 180 ölkə var. Ən azad mətbuat Finlandiya və Niderlandda, ən qeyri-azad mətbuat isə Eritreya və Şimali Koreyadadır.
Mətbuat azadlığının səviyyəsinə görə Gürcüstan 64-cü, Ermənistan isə 74-cü yerdədir.