14915289_1825212877754499_3817048688588067324_nBir gün bir siçan gəlib toyuğa deyir ki, bəs sahibinizin evinə ilan girib. Ev sahibəsi də içəri girəcək indi. Onu bir yolla xəbərdar edin ki, ehtiyatlı olsun ilan çalmasın. Toyuq siçana deyir ki, nəyimə lazım, onu ilan çalacaq əri mənə dən verəcək. Siçan toyuqdan ayrılıb qoyunun yanına gedir. Əhvalatı qoyuna danışır. Qoyunsa cavabında — məni otarmağa onsuz da ev sahibi gedir, ev sahibəsi mənim üçün heç bir şey eləmir. Siçan qoyunun yanından da ayrılıb inəyin yanına gedib əhvalatı ona da danışır. İnəyin də cavabı öncəki iki cavabdan fərqlənmir. Elə olur ki, ev sahibəsi evə girir və ilan onu çalır. Arvad xəstə yatağına düşür. Kişi xəstə arvadı üçün toyuğu kəsir. Sonra xəstəni ziyarətə gələnlər üçün qoyunu kəsir. Sonda ev sahibəsi dünyasını dəyişir və kişi yasda ehsan üçün inəyi də kəsir. Bu hadisəni xatırlamağımın səbəbi bu gün ölkədə gedən proseslərə biganə qalan hələ xalqı demirəm, söz sahibləridir ki, yalnız bu gününün xoş keçdiyinə görə səsini çıxarmayan, bir yerdə çörək kəsdikləri şəxsləri, gəncləri saxta narkotik ittihamı ilə həbs edərək gələcəklərini heç edən mafioz hakimiyyətə bir söz deməyərək «nəyimə lazım» prinsipi ilə yaşayırlar. Bu hadisə sizin də başınıza gələ bilər axı. Bu mafiyadan heç kim sığortalanmayıb. Oktyabr ayının 18 — i karatenin Şotokan və Vaderu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi olan Renad Əliyev, qardaşı, hal — hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan Riyad Əliyevin hakimiyyətə qarşı sərt yazılarına görə narkotik vasitələrin qanunsuz dövriyyəsi, satış məqsədilə külli miqdarda narkotik vasitələrin saxlanması ittihamları ilə şərlənərək həbs olunub. İqtidarın ən mundar əməllərindən biri də kiminləsə ədavəti olduğunda onun yaxınlarını sorumluluğa çəkməkdir. Bunlar üçün müqəddəs bir şey yoxdur. Kiminsə ailəsinin, uşaqlarının hansı psixoloji duruma düşəcəyini fikirləşmirlər. Çünki Azərbaycanda insan həyatının qiyməti yoxdur. İndi Renad Əliyevin ətrafındakı dünya şöhrətli idmançıların susması, heç bir münasibət bildirməməsi ölkənin hansı quldurlar tərəfindən idarə olunduğunu isbata yetirir. Bir şey fikirləşin ki, sabah sizin də ətrafınızda hakimiyyəti tənqid edən qohumlarınız, yaxınlarınız olarsa sizi də Renadın vəziyyəti gözləyir. Vətənini dünyaya tanıdan bir şəxsin bu saxta ittihamlarla həbsi özü də qardaşının əsaslı ittihamlarına görə hakimiyyətin bu yola əl atması nakişilikdən başqa bir şey deyildir. Elə bil ölkəni ərköyün uşaq idarə edir. Xeyiri yoxdu, çox cılızsınız. Elədiyiniz bu qəddarlıqlar nə qədər cılız olduğunuzu göstərir. Bu diktaturanın son həddidir! Bugünkü siyasi məhbuslar, vicdan məhbusları repressiya qurbanlarıdır. Susmamalıyıq! Bütün siyasi məhbuslara azadlıq deməliyik! Günahsız, siyasi sifarişlə şərlənərək həbs olunmuş gəcliyimizə, vətəndaşlarımıza azadlıq deməliyik! Əlimizdən gələn hər yollarla buna nail olmalıyıq! Renad Əliyevə azadlıq deməliyik!!!                                                                                      Arif Isayev.