14671118_1808739119401875_6841621646938493811_nYaxud, düşmənə cənnət kimi görünən ölkə, vətəndaş üçün niyə cəhənnəmə çevrilib?Ramiz Mehdiyevin erməni qohumlari Bakıda xoşbəxtdilar.

Bir neçə gündür hökumət mətbuatı, telekanallar erməni hüquq müdafiəçilərinin təbliğatı ilə məşğuldular.  Ermənistandan qaçmış bu adamlardan müsahibələr alınır, onlara mətbuat konfransı keçirmək üçün şərait yaradılır, Bakıdakı erməni kilsələri ilə tanış edirlər, qayğı və diqqətlərini əsirgəmirlər.  Bəli, erməni hüquq müdafiəçiləri Azərbaycandakı inkişafdan, tolerantlıqdan, yüksək həyat şəraitindən danışır, bizimkilər də bu fikirləri bəh-bəhlə tirajlayırlar.  Kredit bataqlığında boğulan, işsiz qalan, dilənçi maaşına möhtac edilən, intihar haqqında düşünən vətəndaşa ermənilərin diliylə təsəlli verirlər. Belə çıxır ki, ölkə vətəndaşları yaşadıqları reallıqlara yox, ermənilərin dediklərinə inanmalıdır. Bəli,  vətəndaşa deyirlər ki, gördüyünə yox, vətənindən qaçan ermənilərin dediklərinə inanın.

Ümumiyyətlə, Ermənistandan qaçan hüquq müdafiəçisinin Azərbaycana heyran olmağı nəyi dəyişir? Azərbaycan vətəndaşının ağır həyat şəraiti, iqtisadiyyatın çöküşü, büdcənin boşalması davam etmirmi?  Əslində, erməni hüquq müdafiəçilərinin təbliğatını aparmaq Azərbyacan hökumətinin özünüifşasıdır. Çünki, heç bir sərvəti olmayan, acından ölən Ermənistan 23 ildir ki, 20 faiz torpağı işğalda saxlayır. Analoqsuz Azərbaycan hökuməti isə bu zəif ölkənin qarşısında aciz qalıb. 3 nəfər erməni hüquq müdafiəçisi nə danışsa da, 1 milyon məcburi köçkün faktını gizlətmək mümkün deyil.  Digər tərəfdən Azərbaycanı Ermənistanla müqayisə etmək və bunu vətəndaşa uğur kimi təqdim etmək absurddur.  Etiraf edirlər ki, yüz milyardların axdığı, sərvətlərlə zəngin olan  Azərbaycanı yalnız  Ermənistanla müqayisə səviyyəsinə gətirə biliblər.

Erməni hüquq müdafiəçilərinə göstərilən diqqət və qayğı başqa məqamları da diqqətə gətirir. Məsələn, erməni hüquq müdafiəçilərinə göstərilən diqqət, Azərbaycandakı şəhid ailələrinə, Qarabağ qazilərinə göstərilmir. Bugünə qədər hansısa Qarabağ qazisinə, şəhid ailəsinə bu qədər geniş imkanlar tanınmayıb. Əksinə, şəhid ailəsi aylarla müavinət ala bilmir, Qarabağ qazisi intihara cəhd edir, Qarabağ əlili şərlənərək həbs olunur.  Nə hikmətdirsə, Ermənistandan qaçan adamlar burda xoşbəxt olur, Azərbyacan vətəndaşı isə ölkədən qaçmağın yolunu axtarır. Necə olur ki, bu ölkə ermənilər üçün cənnətə, ölkə vətəndaşları üçün cəhənnəmə çevrilir?  Niyə erməni hüquq müdafiəçilərinə göstərilən sevgi, Azərbaycandakı hüquq müdafiəçilərinə də göstərilmir? Azərbaycanın tanınmış, vicdanlı hüquq müdafiəçiləri qondarma ittihamlarla həbsə atılır, erməni hüquq müdafiəçiləri isə az qala nümunə kimi göstərilir.  Azərbaycanda müstəqil, ədalətli hüquq müdafiəçilərinin kökünü kəsib, Ermənistandan qaçan hüquq müdafiəçilərinə qucaq açmaqla məşğuldular.

Çoxdandır ki, bu ölkədə üzündə təbəssüm olan adamları görmək mümkün olmur. Amma ermənilərə o qədər isti münasibət göstərilib ki, gözlərindən gülüş yağır.

Bəli, ölkəmizə pənah gətirmiş ermənilər problemlərlə savaşan ölkə vətəndaşlarına inkişafdan, qayğıdan danışırlar.