14956514_1823260464616407_2483564920566239561_nAvroritarizm qurulub, hakimiyyete müddet limiti yoxdur, seçkileri saxtalaşdırırıq, korrupsiya baş alıb gedir, ölkede parlament yoxdur, müsteqil mehkeme hakimiyyeti bilmirik nedir, hebsxanalar şerlenmiş siyasi mebuslarla doludur… İlham Əliyevin qurduğu “dövlətin” hansı çirkabın içində olduğunun tam mənzərəsini yaradır. Qoy, tez-tez saxta vətənpərvərlik dalğasında “dövlətçiliyi” müdafiə etməyi əlində bayraq edənlər, onun hansı faciəli duruma salındığının fərqinə varsınlar. Bu iki nazirliyin açıqlanan cinayətləri bəzilərinin pafosla “dövlətçilik” dediyi anlayışın hansı rəzil duruma düşdüyünün aydın ifadəsidir. Bunun bircə adı var: “Dövlət adına fəaliyyət göstərən kriminal mütəşəkkil başıpozuq dəstə”. Kiçik istisnalarla digər nazirliklər də bu rəzalətin içindədir. Sadəcə olaraq hazırda ikisindən söhbət gedir. İstisnasız olaraq korrupsiya şəbəkəsinin mərkəzində dayanan yüksək vəzifəli şəxslər hamısı Yeni Azərbaycan Partiyasının, onun Siyasi Şurasının, Nəzarət – Təftiş komissiyasının üzvü və onun rəhbərliyində təmsil olunan şəxslərdir. Nazir Əli Abbasov uzun müddət partiyanın Siyasi Şurasının üzvü olub, korrupsiya və rüşvət şəbəkəsinin mərkəzi fiqurlarından biri kimi “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov uzun müddət YAP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri olub, hakim partiyanın doğru, dürüst fəaliyyət göstərməsinə bilavasitə cavabdeh olmuş bir şəxsdir.YAP-ın rəhbərliyində təmsil olan bu şəxs 2009-cu ildən başlayaraq hər ay Nazirliyin rəhbərliyinə 500.000 manat korrupsiya pulu verib və onun topladığı korrupsiya xəracından hər ay özünə 50 min manat pul qalıb. Çoxlarının “nümunəvi” nazir kimi tanıdığı YAP Siyasi Şurasının üzvü, akademik Əli Abbasovun aylıq “paketi” 200-300 min manat olub. Diqqət yetirin, Azərbaycan kimi minimum əmək haqqının 68 dollar olduğu bir məmləkətin nazirinin aylıq xərci təxminən Amerika kimi zəngin bir dövlətin prezidentinin illik xərcinə bərabər olub. Sual olunur: ölkə prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin xəbəri olmadan uzun illər ərzində nazir hər ay 300 min manat, yəni orta hesabla 375 min dollar həcmində “paket” ala bilərdimi? İstintaq materiallarından, şahid ifadələrindən aydın olur ki, YAP üzvü olan nazir müavinləri də uzun illər ərzində hər ay 30-50 min manat arası aylıq “paket” alıblar. Nazir müavini YAP üzvü Elmir Vəlizadə öz ifadəsində 2007-ci ildən indiyə kimi Rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində işlədiyin və ayda 50 min manat “paket” aldığını etiraf edib, digər nazir müavini YAP üzvü İltimas Məmmədov da eyni məzmunlu ifadə verərək ona aylıq 30 min manat «paket» iltimas edildiyin təsdiq edib. Dədə malı kimi təhlükəsiz bölüşdürülən bu pulların mənbəyi haradandır?

YAP üzvü, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktoru Beytulla Hüseynov öz ifadəsində bu mənbəni göstərir. O, deyir ki, 2009-2015-ci illərdə nazirliyin rəhbərliyi tərəfindən ona BTRİB üzrə aparılan təmir-tikinti işləri və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılıb əldə olunan vəsaitlərin 80 faizinin nazirliyə verilməsi barədə tapşırıq verilib, həmin göstərişin icrasını təmin etmək məqsədilə BTRİB və onun struktur bölmələri tərəfindən görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılması barədə telefon qovşaqlarının rəhbərlərinə və iş görən təşkilat kimi “Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru Bayram Vəliyevə və “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədova göstəriş verib, sonuncular da onun göstərişini icra edərək görülən işlərin, alınan mal-materialların qiymətlərini 20-25 faiz artırıb, əldə olunan vəsaitin 5 faizini telefon qovşaqlarının rəislərinə, 5 faizini qovşaqların baş mühasibi və baş mühəndisilərinə verib, mal-material xərcini, əmək haqqı xərclərinı çıxdıqdan sonra qalan vəsaiti qəpiyinə qədər nazirliyin korrupsiya kassasına, yaxud oğru dünyasında olduğu kimi “obşak”a təhvil verib. Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov ifadəsində göstərib ki, aylıq pul verənlər BTRİB və “Aztelekom” MMC olub. “Azərpoçt” MMC-dən hər ay təqribən 50 min manat, Məlumat Hesablama Mərkəzindən hər ay 50 min manat, Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzindən isə 220.000-240.000 manat məbləğində pul verilib.

Qoyulmuş qaydaya görə həmin idarələr tərəfindən verilən pulların 25-30 faizi onların özlərinə verilib. Görürsünüz, ölkəmizdə korrupsiya pullarının necə “vicdanlı və ədalətli” bölgü mexanizmi işlənilib hazırlanıb: heç kim unudulmayıb və heç kim yaddan çıxmayıb, bir nazirlik çərçivəsində YAP üzvü olan rəhbər şəbəkə tutduğu vəzifədən asılı olaraq korrupsiya pullarının toplanmasındakı “xidmətlərinə” uyğun olaraq hər kəsdən xidmətinə, hər kəsə vəzifəsinə görə bölgü prinsipini necə “ədalət” meyarı ilə cilalayıb. Əməliyyatın dairəsi nazirliyin sistemində ümummilli korrupsiya şəbəkəsinin bərqərar olduğunu təsdiq edir ki, bu vəziyyət kiçik istisnalarla bütün dövlət hakimiyyəti orqanları üçün xarakterikdir. Belə bir sual yaranır xidmət və malların satınalma qiymətlərini hansı nazirlik, komitə, dövlət şirkətləri, idarə və müəssisələrdə şişirdilmir? İlham Əliyevin idarəçiliyi dövründə bu da ümummilli xarakter alıb. Əgər Rabitə nazirliyində bu 20-25 faiz olubsa, bəlkə də, bu, respublika miqyasında ən aşağı göstəricidir. Məsələn, deyək ki, Dövlət Neft Şirkətləri eyni adlı malları Rabitə nazirliyində olduğundan nə qədər ucuz alıb? Manatın devalvasiyasından öncə ADNŞ-də qazın hər 1000 kubmetrinin maya dəyəri 60-80 manat, yəni 75-100 dollar olduğunun bildirirdilər.

Amma həmin vaxt Azərbaycanla eyni təbii və texniki şərtlərə malik olan ölkələrdə qazın hər 1000 kub metrinin maya dəyəri 10-30 dollara başa gəlib. Burada artıq Rabitə nazirliyinin 20-25 faiz şişirtmələrinə şükür eləmək lazımdır. İstintaq və məhkəməyə cəlb edilmiş nazirliyin rəhbər işçiləri, ucdantutma YAP üzvləri dövlətin “xəbərləşməı” funksiyasını yerinə yetirən bir nazirliyində korrupsiya kassası yaradıblar, hətta bu kassadan dövlətin “gözləri və qulaqları” funksiyasını yerinə yetirən MTN-in yüksək vəzifə sahiblərinin payını da unutmayıblar. Aparat rəhbəri Vidadi Zeynalov ifadəsində bildirib ki, nazirin tapşırığı ilə son bir il yarım ərzində nazirlikdə toplanan korrupsiya pullarından hər ay 50.000 ABŞ dolları MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevə, 2011-ci ildən başlayaraq isə hər ay 100.000 ABŞ dollar nazirliyin kuratoru, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanova verilib.

Hər iki nazirliyin işğal altında olan torpaqların azad edilməsində xüsusi missiyası olduğu halda, onların rəhbərliyi korrupsiya, xalqdan oğurlanmış, büdcədən talanmış pulların mənimsənilməsinin mükəmməl şəbəkəsini yaradıb.Əgər ərazisi işğal olunmuş ölkənin hakimiyyəti korrupsiyaya qurşanıbsa, işğal altında olan vətən torpaqlarının azad edilməsin həmin hakimiyyətdən ummaq adi bir sadəlöhvlük və boş bir xülyadır. İnsafən bu bölha-böldə Vergi nazirliyi də unudulmayıb. BTRİB-in rəhbəri YAP üzvü Beytulla Hüseynov öz ifadəsində bəyan edib ki, o, rəhbərlik etdiyi şəbəkədə çalışan Bayram Vəliyev və Emin Məmmədovun vasitəsi ilə vergi orqanları əməkdaşlarına 11 milyon manat pul verib. Əgər bu məbləğ vergi olsaydı yəqin ki, köçürmə yolu ilə idarə bunu hüquqi şəxs kimi ödənilməli idi. Deməli söhbət korrupsiya kassasından vergi orqanlarına verilmiş rüşvətdən gedir. Kimlər alıb, kimə verib bu rüşvəti? Anonim korrupsiya məlumatları haqqında xalqa müraciət edən çeşidli korrupsiya komissiyaları mübhəm şəkildə susmaqdadır!?