Deputat Vahid Əhmədov deyir ki, bədxərc olmasa da 2200 manat deputat maaşı ilə dolana bilmir. Həmkarı Aqil Abbas da maaşının azlığından şikayət edib. O da deyir ki, Dağıstanda deputatlar bizimkilərdən çox maaş alırlar. YAP-çı deputat Aydın Mirzəzadə həmkarlarının şikayəti ilə razılaşmayıb və bildirib ki, millət vəkillərinin maaşları yüksəkdir: “Bizim məqsədimiz bu gün əhalinin az gəlirli təbəqəsinin maaşının qaldırılmasıdır”.

Aydın Mirzəzadə düz deyir, millət vəkillərinin maaşı kifayət qədər yüksəkdir. Amma yanlışı var, bu da sonuncu fikriylə bağlıdır. Nəzəri olaraq belədir ki, əsas məqsədləri az gəlirli insanların maaşlarının qaldırılması üçün çalışmaqdır. Lakin Aydın Mirzəzadə belə deməliydi: “Bizim məqsədimiz bu gün əhalinin az gəlirli təbəqəsinin maaşının qaldırılması olmalıdır”.

***

Qadın Milli Məclisin qəbul otağında qışqırır, yanında da çəlimsiz oğlu var. “Deputatın özü gəlsin. Söz verib ki, görüşəcək. Gecədən Bakıya yol gəlirik. Belə olmaz axı! Özü gəlsin. Necə olacaq? Oğlum işsiz, mən işsiz, ərim ölüb. Boğaza yığdılar, bizi”, — qadın əsəbləşib. Arıq, paltarından yoxsul oğlunu sakitləşdirməyə çalışır. Qadın dayanmır, qışqırır. Ucaboylu mühafizəçi gərginliyi azaltmaq üçün araya girir, deputatın yekəqarın köməkçisi əsəbləşib, deputatı tələb edən qadının üstünə çəmkirir. Çəlimsiz oğlu yumruğunu divara çırpır və qışqırır. “Bəsdirin, bu insanlardan nə istəyirsiz? Biz nə istəyirik? Deputat bizə deyib ki, gəlin sizi qəbul edəcəm, indi köməkçisini göndərib. O hardadır? Rayondan basa-basa ona görə gəlmişik ki, qaçıb haradasa gizlənsin? Gəlməyəcəkdisə, niyə çağırırdı? Dəfələrlə məktub yazmışıq, problemlərimizi dilə gətirmişik. Onu seçdik ki, bizdən, problemi olan insanlardan qaçsın?”, — deyib dəhliz boyu Parlamentin foyesinə qaçmaq istəyir. Mühafizəçi saxlayır. Deputatlarının görüş vəd etdikləri, rayonlardan gəlmiş digər şikayətçilər baş verənləri sükutla izləyirdilər.

***

Aqil Bakıya rayondan gəlib. Xəstəxanada rentgen üzrə işləyir. 180 manat maaş alır, həm də kirayədə qalır və evlidir. Banka borcu var. Aylıq kredit faizi 200 manata yaxındır. Yəni, Vahid Əhmədovun maaşı 180 manatlıq həkimin kredit faizindən 11 dəfə çoxdur. Həkimin aldığı maaşdan belə məntiq ortaya çıxır ki, o, ayın sonunda kredit faizini ödəmək üçün kimdənsə 20 manat borc tapmalıdır. Üstəgəl, gündəlik sosial tələblərini ödəmək üçün baş sındırmalıdır. Yəni, Aqil ayda -20 manat maaş alır. Gəl, qum dənəsini düyüdən ayır. Amma Aqil bunun yolunu tapıb, ara-sıra, vaxt tapdıqca dostunun avtomobili ilə taksi xidmətini yerinə yetirir.

***

Gəncə şəhərində məcburi köçkün həyatı yaşayan Bəyanət və Rövşən Hüseynov qardaşları qəbul imtahanlarında yüksək bal toplamalarına baxmayaraq, ixtisas seçimi zamanı Bakıda deyil, yaşadıqları Gəncədəki universitetlərin ixtisaslarını yazıb. Amma Bakıda oxumaq istəyiblər. Yoxsul ailənin uşaqları olan Bəyanət və Rövşən gündəlik maddi, kirayə xərclərini nəzərə alaraq, Bakıdakı universitetlərdə oxumaqdan imtina ediblər. Ataları Gəncədəki restoranlardan birində günəmuzd fəhlə işləyir. İşlədiyi hər günə isə restoran sahibindən 9 manat əməkhaqqı alır. Yəni, Mehman kişi ayda cəmi 270-279 manat maaş alır. İşə getmədiyi gün isə pul yazılmır.

***

İbrahim Qəhrəmanov ali məktəblərə son qəbul imtahanlarında 532 bal topladı. O, qəbul imtahanı ərəfəsində dostu ilə 100 manatdan mərcə girmişdi. Mərcin şərtlərinə görə, İbrahim qəbul imtahanlarında keçid balını yığmalı — minimum nəticəni göstərməli imiş. Amma imtahanların nəticələri açıqlandıqdan sonra məlum olub ki, o, III qrup üzrə 532 bal toplayıb. İbrahim bazarda fəhlə işləyir.  Lakin 2 diplomu var: İqtisad Universiteti və Türkiyə universitetlərindən birinin məzunudur. Ayda 250 manat qazanan fəhlə oxumaqdan imtina etdi və dedi ki, hansısa yeri seçim edib bir gəncin yolunu bağlamaq istəmir, maddi sıxıntı baxımından da təhsili davam etdirməyəcək. İbrahimov ixtisasına uyğun işlə təmin olunmasını istəyir.

Deputat az maaşla dolana bilmirsə…

Fəhləsi 200, müəllimi 130, həkimi 180, süpürgəçisi 100, ofisiantı günəmuzd, xadiməsi 150 manat alan xalq qum dənəsini düyüdən necə ayırırsa, deputatlar da elə etməlidirlər. Əgər deputatlar az maaşla dolana bilmirlərsə, soğan əksinlər, pəncərəni bağlayıb qazın “xod”unu azlatsınlar, qışda təzə xiyar tapa bilmirlərsə, duzlu xiyar yesinlər, fəhlə işləsinlər və s. Çox bədxərclik etmək lazım deyil, bir az qısmaq lazımdır.

Yəni, dolanmağın çox yolu var. Xalq necə, siz də elə. Yox, əgər bu şikayət o iddialara haqq qazandırmaqdır ki, maaş azdır, başa düşün niyə rüşvət var? Bu, başqa məsələdir.