15109575_1831999770409143_2929524328553408385_nRENAD ALIYEVƏ, ILQAR MƏMMƏDOVA, ƏLI INSANOVA Və bütün siyasi məhbuslara AZADLIQ! Filin gözünü qan örtmüşdü, „qan, qan“ deyirdi, qəzəbli səsi min illik meşəni nanə yarpağı kimi titrətdi. Qarışqadan tutmuş asalana kimi, milçəkdən tutmuş qartala kimi bütün canlıların canına vəlvələ düşmüşdü. Filin durub-dururkən belə haykırışı böyük bir fəlakətin xəbərçisiydi. Fillər hər zaman qəzəblənməz, qəzəbləndisə də, heç atasını da tanımaz. Bu həqiqətə bütün canlılar öz adları kimi əmin idilər. Ona görə filin gözünə görünmədən əl-ayağa düşdülər, pıçıldaşdılar, xəbərləşdilər, soraqlaşdlılar, sonunda öyrəndilərki, filin bacısına təcavüz etmişlər. Fili belə qəzəbləndirən, çilədən çıxaran bu namus məsələsiymiş. Bu iş belə qalmaz! Müsəbbibi tapılmasa, Filin intiqamı ağır olacaq. Qorxudan canlarına birə düşmüş heyvanlar filin bacısına təcavüz edəni axtarmağa başladılar. Yalnız, bu təcavüzçünü tapmaqla canlarını filin qəzəbindən qurtara bilərdilər. Quşlar havalanıb hər tərəfə göz atdılar, qurdlar, çaqqallar, köpəklər iz sürdülər, tülkülər quyruq bulayıb gizli söhbətləri dinlədilər, aslanlar önünə çıxanı sorğu-sual etdilər, amma heç bir nəticə hasil olmadı. Filin vulkan kimi püskürən qəzəbi də sönmək bilmirdi. Belə getsə, meşədə zərər görməmiş nə bir canlı, nə də qırılmadıq bir ağac qalacaqdı. Bu olanlar bircə dovşanın vecinə deyildi. — Yeddi dəyirmanda bir ovuc dənim yoxdur, mən hara, fil hara? Neyniyəcək mənə? – deyib qayğısızca, azad-asudə çəməndə şellənirdi. Meşənin canlıları isə axtarışlarını davam etdirirdilər. Bu uzun, üzücü, yorucu axtsrışlara agacdələnin şad xəbəri son verdi: təcavüzkar tutuldu. Sanki meşə dərindən nəfəs aldı, rahatladı. Fil intiqam eşqi ilə alışıb yanırdı. Dəvələr irəli keçib divan qurdular. „Hər kəs meşə qanunları qarşısında cavab verməlidir.“ – dedilər. Fil xəbəri eşidib: — Hərçən dəvələrdən böyüyəm, amma qanun qarşısında boynumuz qıldan incədir. Mən ədalətli qərar vermənizi istəyirəm. Təcavüzkar layiqli cəzasını almalıdır. Biz meşədə yaşasaq da, demokratik, adil qanunlarla idarə olunuruq. Uzun istintaq və araşdırmadan sonra meşənin ən görkəmli yerində məhkəmə quruldu. Ibrəti-aləm üçün bütün meşə canlıları ora toplaşdı. Dəvə hakim , aslan müşavir, ayı dövlət ittihamçısı, zürafə, canavar, tülkü, qarğa şahid kürsüsündə yer aldılar. Ayı dayı yavaşca aslanın qulağına əyilib: — Sən dura-dura dəvə niyə hakim kürsüsündə oturur? Dəvədə ağıl elə dəvədə qulaq boydadır. Iki eşşəyin arpasını bölə bilmir! Fillə bir – iki dəfə haca getdi deyə, indi dəvə hacımı, hakimmi oldu? — Sən bir az diqqətli ol! Hər daşın altına da əlini soxma, ordan ya ilan çıxar, ya çayan! Iş ağılda, cəsarətdə, hacılıqda deyil. Əsas məsələ başı aşağı, üzü yola, söz eşidən olmaqdadır. Meşənin bütün heyvanlar əl birliyi ilə iki filin rahatca sığa biləcəyi sandıq kimi zindanı sürüyə-sürüyə meydana gətirdilər. Dəvə məhkəməni açıq elan etdi: -Meşəmizin meşə qanunları pozulmuşdu. Amma qanun hər yerdə qanundur. Haqq deyəndə axar sular durmalıdır. Əgər durmursa, deməli ya qanuna fəsad qarışmış, ya da axar sular murdarlanmış. Bu günkü məhkəmə prosesində Ayı dayı bizIm bu problemə aydınlıq gətirəcək. Ayı dayı sözə başladı: — Qulaqlarınızı açın, yaxşı-yaxşı eşidin! Biz boş yerə armud haqqında min dənə mahnı qoşmamışıq. Burda armudun yaxşı bizimdir! Bu bir qanundur. Hamı bu qanuna əməl etməlidir. Bəziləri özlərini ağıllı, coxbilmiş hesab edir, mənə kələk gəlir, körpünü keçənə kimi mənə „dayı“ deyirlər. Amma unutmayın, bizdə körpü çox, bir yaxaladıqsa, ömür-billah yaxanızı qurtara bilməzsiniz! Ona görə ayağınızı dəng alın, indi gözünü çıxardacağımız qardaşınızdan dərs alın! Öncə şahidləri dinləyək! Zürafə sözə başladı: — „Uzunun ağlı topuğunda olar“ deyib məni ağıllı saymasanız da, mən həm ağıllı, həm də boyum gərəyi hər şeydən xəbərdaram. Yuxardan baxıb aşağıda kimin nə hoqqadan çıxdığını çox yaxşı görürəm. Mənim gözlərim şahidir ki, günün günorta çağı bu qansız təcabüzkar – dəmir zindanı işarə edir. – bizim möhtərəm filin bacısına necə işgəncə vermiş, ona necə amansızlıqla təcavüz etmişdi. Mən bu hadisənin canlı şahidiyəm, ancaq cinayətkar tutulmayana kimi qorxumdan səsimi çıxartmamışdım. Yoxsa möhtərəm Filin bacısınin başına gələn fəlakət mənim də başım gələ bilərdi. Meşənin bütün heyvanları zürafənin sözlərindən təsirlənib zindana doğru hərəkətləndilər. Eşşəklər xorla anqırdilar, köpəklər ağız-ağıza verib hürdülər, onlara həmrəy olduqlarını bəyan etdilər. Hakim dəvə əlini göyə qaldırıb, hər kəsə „dur“ işarəsi verdi: -Meşənin meşə qanunları var, belə olmaz! Cinayətkar qanun qarşısında cavab verəcəkdir! Dövlət ittihamçısı Ayı dayı sözü ikinci şahidə verdi. Qurd sözə başladı: — Məndən soruşurlar ki, boynun niyə yoğundur? Deyim hamınız eşidin, öz işimi özüm görərəm, köpəklər kimi yal uğruna boynuma xalta saldırmam. Mən dumanlı havada gəzməyi sevirəm. Çünki gəzən qurd da aç qalmaz. Sürüdən ayrı düşmüş qoyundan, quzudan bir şey tapıb yeyər. Bu utancverici hadisə baş verən o dumanlı gecədə də gəzirdim. Bir də gördüm ki, dağın dalından fəryad səsləri yüksəlir, uzaqdan baxıb nə görsəm yaxşıdır? Bu manyak möhtərəm filin bacısına işgəncə verə-verə təcavüz edirlər. Özümü itirdim, nə edəcəyimi bilmədim! Qorxudan dilim tutuldu, nitqim qurudu. Neçə gündür boğazımdan nə bir tikə ət, nə də bir qurtum su keçdi. Bu gün zorla özümə gəlmişəm. Bütün heyvanlar qurdun sözlərindən təsirlənib iqtişaşa gəldilər. Filin bacısının intiqamını almaq üçün hücum çəkib zindanın qapısını qırdılar. Hər kəs içəridən nəhəng bir heyvanın çıxacağını gözləyirdi. Amma deyəsən zindan boş idi! Hamı təəccüblə bir-birinin üzünə baxırdı. Araya dərin bir sükut çökdü. Bu vaxt zindanın qırıq qapısından qorxudan gözləri kəlləsinə çıxmış, balaca bir dovşanın başı göründü: — Mənim günahım yoxdur. – dedi. -Kəs səsini, sənə söz verən olmadı. Sənin bir ayaq üstündə qırx yalan danışdığını hər kəs yaxşı bilir.-deyə dəvə səsini yüksəltdi. – məhkəmə qərar verdi, möhtərəm filin bacısına xüsusi amansız və qəddarcasına təcavüz etdiyinə görə dovşanın dərisi boğazından çıxarılsın, içinə saman təpilsin! Hər kəsə görk olsun. Haqq yerini tapsın! Qərarın icrası tülküyə tapşırıldı. Tülkü dovşanı çığırda-çığırda dərisini boğazından çıxartmağa başladı. Yenə bütün heyvanlar vecdə gəld, eşşəklər anqırır, itlər hürür, çaqqallar ulayır, qarğalar qarıldayırdı. Bircə ağcaqanadlar bu qərara etiraz olaraq heyvanların qulağına bir şeylər vızıldayırdılar: — Dəvənin harası düzdür ki, çıxartdığı qərar da düz olsun! Ayılın, bir gün sıra sizə də gələcək. Haqqın haqqı haqqdır, haqqın haqqını haqqıyla verəcəksən ki, sənə də sıra gələndə haqqın haqqıyla verilsin! Amma ağcaqanadların söylədiklərı heyvanlara bir vızıltı kimi gəlirdi…

Firudin Dugi